Gənclərin iştirakı ilə “Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda tədbir keçirilib

16 aprel 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib, gələcəyə dair fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz göstəricisidir. O qeyd edib ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq muxtar respublikada ardıcıl işlər həyata keçirilir. Çıxışında şəhərsalmada insan amilinin əsas prioritet olduğunu vurğulayan Ramilə Seyidova yaşayış mühitinin planlaşdırılmasında ailələrin rifahı, sosial infrastrukturun əlçatanlığı və təhlükəsiz ictimai məkanların yaradılmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, müasir şəhərsalma yanaşmalarında inklüzivlik, gender bərabərliyi və uşaqların təhlükəsiz inkişaf mühitinin təmin olunması mühüm yer tutur. Komitə sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri də müasir və dayanıqlı şəhərsalma prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, qarşıda duran əsas məqsəd müxtəlif qurumların birgə fəaliyyəti ilə sağlam, inklüziv və yaşana bilən şəhər mühitinin formalaşdırılmasıdır.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması gənclərin bu sahəyə marağının artırılması və onların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Nazirlik tərəfindən gənclərin şəhərsalma və memarlıq istiqamətlərində bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici layihələr, müsabiqələr və müxtəlif təşəbbüslər həyata keçirilir. Qeyd olunub ki, müasir şəhərlərin qurulmasında innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin inteqrasiyası və gənc mütəxəssislərin bu prosesə cəlb edilməsi prioritet istiqamətlərdəndir. Məcid Seyidov əlavə edib ki, həyata keçirilən təşəbbüslər gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, onların ölkənin dayanıqlı inkişafına töhfə verən fəal iştirakçılara çevrilməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, bu istiqamətdə gənclərin beynəlxalq təcrübədən faydalanması üçün əməkdaşlıqların genişləndirilməsi və onların müxtəlif platformalarda təmsil olunması mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, gənclərin ideya və təşəbbüslərinə dəstək verilməsi gələcəyin şəhər mühitinin daha innovativ və dayanıqlı şəkildə formalaşdırılmasına şərait yaradır.

Naxçıvan Muxtar Respublikasının Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxışında milli memarlıq ənənələrinin qorunmasının və müasir yanaşmalarla uzlaşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, tarixi irsin mühafizəsi ilə yanaşı, şəhər mühitinin müasir tələblərə uyğun formalaşdırılması memarlıq sahəsində əsas istiqamətlərdəndir. Bu baxımdan, Möminə Xatun türbəsinin həm tarixi, həm də memarlıq baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Əli Məhərrəmli və Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllimi, gənc memar Anar Sadiqov çıxış edərək şəhərsalma və memarlıq sahəsinin müasir çağırışlarından bəhs edib, bu istiqamətdə gənclərin aktiv iştirakının vacibliyini qeyd ediblər və onlara praktiki tövsiyələr veriblər.

Qeyd edək ki, tədbir dəyirmi masa formatında təşkil olunub, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, birgə müzakirələr aparılıb.